Mayn 10-dan etibarən IV İslam Həmrəyliyi Oyunları zamanı Dənizkənarı Milli Park ərazisinin “Ağ şəhər” zonası, “Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkı pulsuz wi-fi xidməti ilə təmin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentiyinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən (“Baktelecom”) məlumat verilib.
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq “İctimai İnternet” şəbəkəsinin əhatə dairəsini bir qədər də genişləndirib”, - deyə İB-dən qeyd olunub.
“Baktelecom” “Baku loves you” brendi adı altında təqdim olunan layihə çərçivəsində mütəmadi olaraq yeniləmə və təkmilləşdirmə işləri aparır. Yaxın zamanlarda istifadəçilər üçün yeni, daha rahat qeydiyyat sisteminin tətbiqi nəzərdə tutulur. Hazırda mobil telefon, notebook, planşet və s. portativ cihazlarla şəbəkə siyahısından “Baktelecom”-la yanaşı, bəzi ərazilərdə “Baku loves you” adını seçməklə mobil nömrə vasitəsilə qeydiyyatdan keçmək və pulsuz internetdən istifadə etmək mümkündür”, - deyə məlumatda deyilir.
Daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə şəbəkənin aktiv olduğu ərazilər də daxil olmaqla quraşdırma nöqtələrinin sayı artırılacaq, əhalinin sıx istirahət etdiyi digər parklar da il ərzində ictimai internet şəbəkəsinə qoşulacaq.
12-22 may tarixlərində Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. **
N.Abbasova