Azərbaycan prezidenti İlham Əliyev Koreya ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmlənəcəyinə və genişlənəcəyinə əmindir.
“İnanıram ki, birgə səylərimizlə ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrini xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra daha da möhkəmləndirəcək və genişləndirəcəyik”, - deyə İ.Əliyev prezident seçkilərində qələbə münasibətilə Koreya Respublikasının prezidenti Mun Ce-inə ünvanladığı təbrik məktubunda qeyd edib.
İ.Əliyev bildirib ki, Koreya ilə ikitərəfli və çoxtərəfli əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
“Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Koreya arasında münasibətlər ötən illər ərzində çoxşaxəli və dinamik xarakter alıb. Bakı və Seul arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə uğurlu inkişaf var”, - deyə dövlət başçısı vurğulayıb.
İ.Əliyev Mun Ce-inə gələcək fəaliyyətində uğurlar arzulayıb. **
R.Babayev