Macarıstan şirkətləri Azərbaycanda layihələr həyata keçirməkdə maraqlıdır. Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“İqtisadiyyat naziri Şahin Mustafayev ilə Macarıstanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinin görüşündə ikitərəfli iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin növbəti Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi məsələsini müzakirə edib, bir sıra Macarıstan şirkətlərinin Azərbaycanda həyata keçirməkdə maraqlı olduğu layihələri diqqətə çatdırıblar”, - deyə məlumatda qeyd olunur.
Görüşdə ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu, tranzit yükdaşımaları, turizm, İKT və digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.
Qeyd olunub ki, ölkələrimiz arasında 40-dan çox sənəd imzalanıb.
Hazırda Azərbaycanda 14 macar şirkəti fəaliyyət göstərir. Təkcə 2005-2016-cı illərdə biznes dairələrinin iştirakı ilə 10-dan çox tədbir keçirilib. *
N.Abbasova