2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu ötən ilin analoji dövründə $162,545 mln.- a qarşı $1 mlrd. 265,704 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $5 mlrd. 595 mln. 699,93 min (artım 11,35%) təşkil edib.
Bununla yanaşı, hesabat dövrü ərzində ixracın həcmi $3 mlrd. 430 mln. 702,21 min, idxalın həcmi $2 mlrd. 164 mln. 997,72 min təşkil edib. 2016-cı ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 41,1% artıb, idxalın həcmi 16,53% azalıb.
İxracın strukturunda 76,26% neftin, 3% neft məhsullarının, 3,46% təbii qazın, 8,05% elektrik enerjisinin, 2,54% meyvə-tərəvəz məhsullarının, 0,08% çayın, 0,15% bitki və heyvan mənşəli yağların, 0,4% qəndin, 0,22% spirtli və spirtsiz məhsulların, 0,42% kimya məhsullarının, 1,26% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,59% pamblq ipliyin, 0,14% qara metal və ondan hazırlanan məmulatların, 0,64% alüminium və ondan hazırlanan məmulatların, 1,18% digər məhsulların payına düşüb.
İdxalın strukturunda 19,07% ərzaq məhsullarının, 2,08% tütün və tütün məhsullarının, 0,06% sementin, 2,56% əczaçılıq məhsullarının, 3,5% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,42% odun və oduncaqdan hazırlanan məhsulların, 9,97% qara metal və ondan hazırlanan məmulatların, 21,04% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 6,32% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,16% mebelin, 31,82% digər məhsulların payına düşüb.
2017-ci ilin yanvar-aprel aylarında xarici ticarət əməliyyatlarında 3,717 min özəl və dövlət müəssisəsi və 3,003 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 157 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 23,23%-i), Türkiyə (10,18%), Çin (5,36%), Portuqaliya (5,24%), İsrail (5,16%) və əsas idxal əməliyyatlarını isə Rusiya (18,77%), Türkiyə (16,58%), Çin (9,78%), Almaniya (4,99%), Ukrayna (4,54%) və ABŞ-la (4,43%) həyata keçirib.**
N.Abbasova