Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutan hər bir idmançıya 100 min manat və ya cari məzənnə ilə $58,7 min, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat veriləcək.
Həmçinin Milli Olimpiya Komitəsi xətti ilə IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilir: birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat; ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat; üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat veriləcək. **
R.Babayev