Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmasından komanda hesabında qələbə gözləyir.
«Biz IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmasının komanda hesabında qələbə qazanacağına köklənmişik. Əgər I Avropa Oyunlarından əvvəl biz komanda hesabında ilk üçlüyə düşməyə ümid edirdiksə, İslam Oyunlarında yalnız qələbəyə ümid edirik», - deyə o, bu gün IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Vitse-prezidentin sözlərinə görə, Azərbaycan İslamiadada rekord sayda iştirakçı ilə təmsil olunacaq. «Komandamız irimiqyaslı beynəlxalq yarışlarda ilk dəfə olaraq say hesabı ilə böyük tərkibdə təmsil olunacaq. İslam Oyunlarında 500-dən çox azərbaycanlı idmançı iştirak edəcək və biz onların uğurla çıxış edəcəyinə əminik», - deyə Ç.Hüseynzadə qeyd edib.
O, azərbaycanlı atletlərin təxminən nə qədər medal qazana biləcəyini deməkdə çətinlik çəkib. «Biz rəqiblərimizi o qədər də yaxşı tanımırıq. Tez-tez yarışdığımız avropalı idmançıların potensialı isə bizə məlumdur. Buna baxmayaraq, biz idmançılarımızın “Bakı-2015”də qazandıqları medallardan daha çox medal qazanacağına köklənmişik”, - deyə MOK-un vitse-prezidenti vurğulayıb.*
R.Babayev