Xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində erməni həmkarı Edvard Nalbandyanla görüşü mümkün hesab edir.
Ötən gün E.Nalbandyan iyunda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin gözlənildiyini və bundan sonra Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində görüşün mümkün olduğunu bildirib.
“Bu (E.Nalbandyanla görüş – İF-Az), prinsip etibarilə mümkündür”, - deyə E.Məmmədyarov APA-ya açıqlamasında qeyd edib.
“Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin sonuncu Moskva görüşündən sonra məndə belə təəssürat yarandı ki, qoşunların çıxarılması müqabilində sülh və ya ərazi müqabilində sülh mümkündür. Son on iki il ərzində danışıqlar prosesinin məntiqini bu təşkil edir”, - deyə XİN başçısı vurğulayıb.
O xatırladıb ki, diplomatiyada “danışıqlar naminə danışıqlar” mövcud deyil.
“Hər kəsə aydındır ki, Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”, - deyə E.Məmmədyarov əlavə edib.*
F.İsazadə