"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin xarici öhdəliklərinin restrukturizasiyası bankın Rusiya və Gürcüstandakı törəmələrinə toxunmayacaq. Bu barədə bankdan məlumat verilib.
“ABB-nin öhdəliklərinin restrukturizasiyası bankın Rusiya və Gürcüstandakı - ABB-Moskva və ABB-Georgia törəmələrinə toxunmayacaq. Həmin törəmələr Rusiya və Gürcüstan qanunvericiliyi əsasında fəaliyyət göstərirlər. Onların normativ göstəriciləri həmin ölkələrin Mərkəzi banklarının tələblərinə uyğundur”, - deyə məlumatda deyilir.
Mayın 12-də Azərbaycan hökuməti "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC tərəfindən borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrasını dayandırılıb.
“Sağlamlaşdırma prosesinin növbəti mərhələsi olaraq öhdəliklərin könüllü restrukturizasiyası nəzərdə tutulur.
ABB qeyd edir ki, öhdəliklərin könüllü restrukturizasiya planı bank qanunvericiliyinə müvafiq qaydada Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılıb. Restrukturizasiya planının xarici kreditorların yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Beynəlxalq Bankı (ABB) $3 mlrd. 337 mln. 105,084 min ümumi məbləğdə öhdəlikləri restrukturizasiya etməyi planlaşdırır. Maliyyə naziri Samir Şərifov və Azərbaycan Beynəlxalq Bankının (ABB) nümayəndələri borcların bir hissəsi ilə ölkənin suveren istiqrazlarının mübadiləsi imkanlarını müzakirə etmək üçün mayın 23-də bankın xarici kreditorları ilə görüşəcəklər. **
A.Əzizov