2016-cı ilin yanvar-aprel aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 12,6 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8% artıb, neft sektorunda isə 7,5% azalıb.
Yanvar-aprel aylarında məhsulun 70,5%-i mədənçıxarma bölməsində, 23,8%-i emal bölməsində, 5%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Bu dövrdə mədənçıxarma bölməsində məhsul istehsalı 3,7% artıb.
Emal sektorunda qida məhsullarının istehsalı 3,7%, içkilərin istehsalı 39,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,2 dəfə, geyim istehsalı 73,6%, ağacın emalı və ağacdan məmulatların istehsalı 88,6%, kimya sənayesi məhsullarının istehsalı 11,7%, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 60,6%, tikinti materiallarının istehsalı 44,7%, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4%, kompüter və elektron məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 32,5%, mebel istehsalı 47,9% artıb.
Hesabat dövründə tütün məmulatlarının istehsalı 49%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,4%, kağız və karton istehsalı 2,8%, poliqrafiya məhsullarının istehsalı 60,7%, hazır metal məmulatlarının istehsalı 29,5%, maşın və avadanlıqların istehsalı 1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2% azalıb. **
N.Abbasova