Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” qanun layihəsi II oxunuşda müzakirə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
“Ən böyük problemlərdən biri rekreasiya zonalarında tikintiyə icazənin verilməsidir”, - deyə parlamentin Sosial qanunverilcilik şöbəsinin əməkdaşı Adil Vəliyev iclasda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, bu məsələ mübahisə predmetidir. “Bununla bağlı biz Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq razılığa gəlib müəyyənləşdirməliyik ki, sahibkarlar üçün əlavə problemlər yaranmasın”, - deyə A.Vəliyev qeyd edib.
Şöbə əməkdaşı reyestr xidmətində onlayn sistemin tətbiqi ilə bağlı müəyyən problemlərin olduğunu diqqətə çatdırıb.
“Reyestr xidmətinə onlayn müraciət sisteminin yaradılması vacibdir”, - deyə o əlavə edib.
İclasda, həmçinin qanun layihəsinə digər texniki düzəlişlər də nəzərdən keçirilib.
İclasın yekunları üzrə sənədin təkmilləşdirilməsi qərara alınıb.*
R.Babayev