Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan vətəndaşlarının Rusiyanın hərbi təhsil müəssiələrində tədrisinə qarşı çıxış edir. Bu barədə partiyanın mətbiat xidmətindən məlumat verilib.
“BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan vətəndaşlarının Rusiyanın hərbi məktəblərinə təhsil almağa göndərilməsinin qarşısı alınmalı, Rusiyanın hərbi təhsil müəssiələrini bitirmiş, Rusiya silahlı qüvvələrində xidmətdə olmuş və hazırda Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən şəxslər barədə ciddi araşdırmalar aparılmalıdır”, - deyə partiyanın bu gün keçirilən iclasında qəbul edilən bəyanatında deyilir.
Bununla da partiya Moskva və İrəvan arasında sıx hərbi əməkdaşlığa münasibət bildirib.
“Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının Ermənistanın ali baş komandanına tabe olduğunu, bu hərbi birləşmənin Dağlıq Qarabağdakı əməliyyatlara da qoşula biləcəyi barədə açıqlamaların bu günədək rəsmi Moskva tərəfindən təkzib olunmadığını nəzərə alan BAXCP İdarə Heyəti mövcud vəziyyətin Rusiyanın da Azərbaycanla müharibə vəziyyətində olması reallığını yaratdığını bildirir və bu səbəbdən bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini vacib sayır”, - deyə bəyanatda qeyd olunur.
Partiyada son vaxtlar silahlı qüvvələrin bəzi əsgər və zabitlərinin, eləcə də mülki şəxslərin dövlətə xəyanət etmələri barədə məlumatların müzakirəsi zamanı həmçinin “dövlətin müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilməsi” və Azərbaycanın da müharibə vəziyyətində olması faktını nəzərə alaraq, ölüm cəzasının bərpa edilməsi müstəsna cəza kimi bərpa edilməsi təşəbbüsü irəli sürülüb”.
BAXCP 2002-ci ildə yaradılıb və Azərbaycan Milli Məclisində bir deputatla təmsil olunur. **
R.Babayev