Azərbaycan və Çin Azərbaycandan qeyri-neft məhsullarının ixracının genişləndirilməsi üçün maneələrin aradan qaldırılması barədə razılığa gəliblər. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) məlumatında deyilir.
“Mayın 15-də Pekin şəhərində Azərbaycan və Çin arasında “Texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov və Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının (Nazirliyi) nazir müavini U Çinxay imzalayıb”, - deyə məlumatda bildirilir.
Sənəd Azərbaycanda qeyri-neft ixrac potensialının genişləndirilməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və keyfiyyət infrastrukturunun beynəlxalq tanınmasına yönəlib.
Müqaviləyə əsasən SMPDK Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası ilə texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığı inkişaf etdirəcək, Azərbaycan məhsullarının Çin bazarına maneəsiz ixrac edilməsi məqsədilə müvafiq işlər görüləcək.
“Belə ki, razılaşmaya əsasən Azərbaycanla Çin arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi də daxil olmaqla, Milli Keyfiyyət İnfrastrukturu sahələrində texniki əməkdaşlığın təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi və metrologiya üzrə regional və beynəlxalq orqanlar tərəfindən keçirilən layihələrdə və tədbirlərdə qarşılıqlı əməkdaşlıq, keyfiyyət infrastrukturu sahələrində biliklərin artırılması məqsədi ilə birgə təlim proqramları, nümayəndə heyətləri və mütəxəssislərin mübadiləsi, normativ sənədlərin, milli standartların kataloqlarının, normaların və reqlamentlərin, sertifikatlaşdırma orqanları barədə ümumi məlumatın və nəşrlərin, məcburi sertifikatlaşdırılan məhsulların kataloqlarının, təlim proqramları və mütəxəssislərin ixtisaslarının artırılması ilə bağlı materialların və məlumatların mübadiləsi, sertifikatların qarşılıqlı tanınması üzrə əməkdaşlıq ediləcək”, - deyə məlumatda qeyd olunur.
Sənədin imzalanmasından əvvəl SMPDK sədri Ramiz Həsənovla Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının nazir müavini U Çinxay arasında görüş keçirilib. Görüşdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının Çinə ixracı və bu istiqamətdə keyfiyyət infrastrukturu sahələrinin qarşılıqlı tanınmasına nail olmaqla bağlı razılıq əldə olunub.
“Belə ki, qarşılıqlı anlaşmaya əsasən Çin tərəfi Azərbaycanda istehsal olunan məhsullara verilmiş sertifikatları tanıyacaq, akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları ilə əməkdaşlığı gücləndirəcək. Bundan başqa, Çin akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara üzv olmaqla bağlı Azərbaycana öz dəstəyini göstərəcək”, - deyə məlumatda vurğulanır.*
N.Abbasova