Çin Azərbaycan üzərindən Avropaya yüklərin tranzitində maraqlıdır. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında deyilir.
QSC sədri Cavid Qurbanov mayın 15-də Pekində Çinin Ninsia-Huy Muxtar Rayonunun kommersiya idarəsinin rəis müavini Kun Quoxua və vilayətin dövlət sərhəd-buraxılış məntəqəsinin rəis müavini Cu Dun ilə nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
“Çinin dəmir yolu daşınmalarında əhəmiyyətli çəkiyə sahib olan Ninsia-Huy Muxtar Rayonunun rəsmiləri əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etmək arzusunda olduqlarını bildiriblər. Onlar Çinin şimal hissəsində yerləşən vilayətlərdə istehsal olunan məhsulların Şərqi Avropaya, Yaxın Şərq ölkələrinə, habelə Türkiyə və Gürcüstana çatdırılması üçün Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlana biləcəklərini qeyd ediblər”, - deyə məlumatda qeyd olunur.
C.Qurbanov vurğulayıb ki, Azərbaycan tərəfi “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər.
O, Azərbaycanın Çin tərəfinə yüklərin Azərbaycan üzərində daşınmasına hər cür dəstək göstərməyə hazır olduğunu bildirib və bu istiqamətdə məsələləri müzakirə üçün Ninsia-Huy Muxtar Rayonun nümayəndə heyətini Azərbaycana səfərə dəvət edib.*
N.Abbasova