Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtlərini açıqlayıb.
“Namizədliyi irəli sürülən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir. Mənzillər Bakı şəhərində fəaliyyət göstərən jurnalistlər üçün nəzərdə tutulub”, - deyə fondun sədri Vüqar Səfərli bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilərlər.
V.Səfərli qeyd edib ki, namizədləri müəyyən etmək üçün KİV orqanı daxili yığıncaq keçirməlidir.
«Namizədin uyğunluğunu müəyyən etmək üçün komissiyaya Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Milli Televiziya və RadioŞurası və Mətbuat Şurasının hər birindən 3 nümayəndə olmaqla, 9 nəfərdən ibarət komissiya yaradılıb”, - deyə fondun sədri qeyd edib.
O əlavə edib ki, mənzillərin iyulun 22-də verilməsi nəzərdə tutulur. Namizədlər mayın 22-dən iyunun 22-dək sənədlərini təqdim edə bilərlər. Komissiya toplanmış sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim etməlidir.
V.Səfərli deyib ki, adı Mətbuat Şurasının “qara siyahı”sına daxil edilmiş, eləcə də məhkəmə qərarı ilə məsuliyyətə cəlb edilmiş və Baş Prokurorluqdan xəbərdarlıq almış jurnalistlərin namizədlikləri irəli sürülə bilməz.*
F.İsazadə