Azərbaycan Beynəlxalq Bankı (ABB) könüllü restrukturizasiya prosesi başa çatdıqdan sonra bankın özəlləşdirilməsinə hazırlığa başlayacaq. Bunu bankın İdarə Heyətinin sədri Xalid Əhədov ABB-nin saytında dərc edilmiş müsahibəsində deyib.
“Özəlləşdirməyə hazırlıq kifayət qədər böyük bir layihədir və bu, bankın gələcəyə baxan aydın strategiyaya malik olmasını tələb edir. Çünki potensial investorlar bankın necə mənfəət qazanacağını bilmək istəyəcəklər. Restrukturizasiya bitdikdən sonra biz belə bir strategiyanı hazırlayıb bankın səhmdarlarına təqdim edəcəyik və strategiyanın təsdiqindən sonra dərhal onun icrasına başlanacaq”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, xarici öhdəliklərin könüllü restrukturizasiyası prosesi, ümumilikdə 37 əqdi əhatə edir.
O xatırladıb ki, mayın 23-də Londonda xarici kreditorlarla görüş keçiriləcək.
“Qanuna uyğun olaraq müvafiq səs çoxluğu əsasında adekvat qərarlar qəbul ediləcək. Kreditorların hər hansı qərara səs verməsindən ötrü ən mühüm amil, təbii ki, tətbiq ediləcək planın ədalətli olmasıdır. Bu da qarşılıqlı danışıqlardan asılı olan məsələdir. Mayın 23-də xarici kreditorlarımızla müzakirələr aparacağıq və Azərbaycan dövlətinin bu vəsaitləri nə zaman, hansı şərtlərlə qaytarması barədə razılaşmalar əldə ediləcək”, - deyə X.Əhədov əlavə edib.
O qeyd edib ki, mayın 10-da ABB xarici kreditorlardan biri qarşısındakı 100 milyon dollarlıq öhdəliyini yerinə yetirməyib, çünki bu əqd öhdəliklərin restrukturlaşdırılması planına daxildir.
“Bütün dünyada qəbul edilmiş işgüzar təcrübə var ki, restrukturizasiya qərarı elan olunduqdan sonra bank bir kreditor qarşısında öhdəliklərini yerinə yetirib, digərinin ödənişlərindən imtina edə bilməz. Bu zaman, o biri kreditorlarımızın maraqlarına xələl gətirmiş olarıq”, - deyə sədr əlavə edib.*
A.Axundov