“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Hövsan-5” liman yedək gəmisi əsaslı təmir olunub. Bu barədə cəmiyyətin məlumatında deyilir.
Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.
“Gəminin gövdəsinin yararsız mexanizmləri dəyişdirilib, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Onun hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları da sazlanıb. Həmçinin, işçi heyətin kayutları, sanitar qovşaqları və yeməkxana tamamilə yenilənib. Gəminin baş və köməkçi mühərrikləri, nasosları, separatorları, boru sistemlərinin yüksək keyfiyyətdə təmiri həyata keçirilib”, - deyə məlumatda bildirilir.
Sözügedən liman yedək gəmisi 1987-ci ildə istismara verilib. Onun uzunluğu 29,3, eni 8,3 metrdir.*
N.Abbasova