2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda ÜDM 1,2% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-aprel aylarında ÜDM-nin nominal həcmi 20 mlrd. 139,8 mln. manat təşkil edib.
“Bu dövrdə sənayenin neft hasilatı və emalı sahələrində istehsalın azalması ümumi daxili məhsulun həcminin azalmasına təsir edən əsas amil olub”, - deyə Komitədən qeyd ediblər.
Yanvar-aprel aylarında qeyri-neft sahəsində ÜDM 1,9% artıb.
Ümumi daxili məhsulun 44,6%-i sənayedə, 11%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,2%-i tikintidə, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 14%-i digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2,075 min manat təşkil edib.
Azərbaycan hökuməti 2017-cı ildə iqtisadi artımı 1% səviyyəsində proqnozlaşdırır.
2016-cı ildə respublikada ÜDM 3,9% azalıb.**
N.Abbasova