Beynəlxalq logistika operatoru "PONY EXPRESS" Şirkətlər Qrupu Azərbaycandakı fəaliyyətindən illik $3 mln. gəlir gözləyir. Bunu şirkətin regional inkişaf üzrə direktoru Sergey Sequşov bu gün Bakıda deyib.
“PONY EXPRESS”in fəaliyyət strategiyasını təqdim edən S.Sequşov qeyd edib ki, şirkət təkcə Rusiyada deyil, bütün MDB məkanında 25 ildir ki, ekspress və ekonom çatdırılma, yükdaşımalar, internet mağazalar üçün çatdırılma və anbar xidmətləri göstərir.
“Şirkətlər qrupu hər il təxminən 10 mln. göndəriş həyata keçirir. Fəaliyyətimiz 17 min yaşayış məntəqəsini əhatə edir. Biz həm ixrac, həm də idxal edilən mallar üçün çatdırılma, eləcə də gömrük rəsmiləşdirilməsi xidmətləri də göstəririk. Azərbaycan bazarından gözləntimiz ildə təxminən 3 mln. dollarlıq dövriyyədir”, - deyə direktor bildirib.
“PONY EXPRESS”in Azərbaycan nümayəndəliyinin rəhbəri Şükufə Əbilova isə deyib ki, Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılması ilə bağlı planlar Azərbaycanda logistikanın inkişafına geniş imkanlar açır və ölkənin daşımalar bazarını böyüdür.
““PONY EXPRESS” də böyüyən bazarda pay sahibi olmaq istəyir. Xüsusilə elektron ticarətlə bağl hədəflərimiz var. 2016-cı ildə Azərbaycanda elektron ticarətin həcmi 2,4 dəfə artıb. Bu bazarın 10%-nə nəzarət etməyi planlaşdırırıq”, - deyə o qeyd edib.*
N.Abbasova