Ötən il Azərbaycanda məhkəmə orqanları insan alveri ilə məşğul olan 26 nəfər barəsində qərar qəbul edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibinin müavini Orxan Mansurzadə bəyan edib.
“2016-cı ildə Azərbaycanda DİN-in müvafiq strukturu tərəfindən 141 nəfər trafikinq qurbanı, məcburi əməyə cəlb olunma ilə bağlı 6 fakt aşkar edilib. Ötən il məhkəmə orqanlarının 22 qərarına əsasən, 26 nəfər insan alverində iştiraka görə həbs cəzasına məhkum olunub”, - deyə O.Mansurzadə Vyanada Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) insan alveri ilə mübarizə layihəsinin Faza-2 çərçivəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
O.Mansurzadə qeyd edib ki, ötən il insan alveri ilə məşğul olan 31 kişi və 7 qadın daxil olmaqla, 38 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 36 nəfər barəsində cinayət işi məhkəmə orqanlarına təqdim olunub.
Onun sözlərinə görə, 2016-cı ildə trafikinq qurbanı olan 63 nəfər Yardım Mərkəzinə göndərilib.
O.Mansurzadə vurğulayıb ki, Azərbaycan qanunvericiliyində trafikinq qurbanlarına 400 manat məbləğində kompensasiya ödənişi nəzərdə tutulur. O əlavə edib ki, 2016-cı ildə 54 trafikinq qurbanı öz ailələrinə qaytarılıb. **
A.Əzizov