2017-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin sayı 0,2% və ya 19,441 min nəfər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Aprelin 1-nə respublika əhalisinin sayı 9 mln. 829,422 min nəfərə çatıb.
Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 114 nəfərdir.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir.
Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.
Yanvar-mart aylarında ölkə üzrə 34,967 min, yaxud hər gün orta hesabla 389 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,6 təşkil edib. Doğulan körpələrin 52,7%-i oğlan, 47,3%-i isə qız uşaqlarından ibarətdir. Körpələrin 626-sı əkiz, 15-i isə üçəm doğulanlardır.
Qeyd olunan dövrdə 15,86 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6,6 təşkil edib.
İlk 3 ay ərzində ölkədə qeydiyyat şöbələri tərəfindən 13,305 min nikah və 3,611 min boşanma halı qeydə alınıb.
Yanvar-mart aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 635 min nəfər gələn və 301 min nəfər ölkədən gedən qeydə alınıb.**
R.Babayev