Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri David MakAllister mayın 22-də Azərbaycana səfər edəcək.
“D.MakAllister mayın 22-25-də Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək nümayəndə heyətinə rəhbərlik edəcək”, - deyə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Səfər zamanı nümayəndə heyəti prezident, parlament sədri, iqtidar, eləcə də müxalifət partiyalarından olan parlament üzvləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək.
“Avropa Parlamentinin üzvləri Aİ ilə Ermənistan arasında yeni sazişə dair əldə edilmiş razılığı, Aİ ilə Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqların gedişatını, Aİ ilə Gürcüstan arasındakı münasibətlərin dərinləşməsi məsələsini nəzərdən keçirəcək”, - deyə məlumatda bildirilir.
Nümayəndə heyəti mayın 23-də Tbilisiyə, mayın 25-də isə Yerevana səfər edəcək.*
F.İsazadə