Sahibkarlığa Kömək Milli Fondu (SKMF) indiyədək müvəkkil kredit təşkilatları vasitəsilə məcburi köçkün sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 41 mln. manat kredit verib. Bu barədə fondun məlumatında deyilir.
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq indiyədək 2000-ə yaxın məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 41 mln. manat kredit verilib”, – deyə SKMF-in icraçı direktorunun müavini Arif Vəliməmmədov bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda bildirib.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağdam və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 628 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, cins heyvandarlıq, arıçılıq, pambıqçılıq və s. sahələrin inkişafına yönəldiləcək.
“İndiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 36,8 mln. manat güzəştli kredit verilib”, - deyə A.Vəliməmmədov qeyd edib.*
A.Axundov