ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan tərəfini Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırıblar.
"Bir neçə mötəbər mənbədən əldə edilmiş məlumatlara əsasən mayın 15-də Azərbaycan Silahlı Qüvvələri təmas xəttində raket buraxaraq hərbi texnikaya zərbə endirib. 16-17 may tarixlərində Ermənistan Silahlı Qüvvələri müxtəlif çaplı minaatanladan cavab atəşi açıblar. Hər iki tərəfin bu addımları atəşkəs rejiminin ciddi şəkildə pozulması deməkdir və narahatlıq doğurur", - deyə həmsədrlərin mayın 18-də yaydıqları birgə bəyanatda qeyd olunur. Bəyanat ATƏT-in rəsmi saytında dərc edilib.
Sənəddə zərbələrin endirildiyi obyektlərə, habelə qurbanlar və dəymiş zərərə dair ziddiyyətli məlumatların olduğu qeyd edilir.
Həmsədrlər vəATƏT sədrinin şəxsi nümayəndəsi vəziyyət barədə daha dolğun və dəqiq informasiya əldə etmək üçün əlavə məlumatlar toplamaqda davam edirlər. “Həmsədrlər atəşkəs rejiminin pozulması hallarını pisləyir və tərəfləri gərginliyin artmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırırlar”, - deyə bəyanatda bildirilir.*