2017-ci ilin əvvəlindən “SOCAR Methanol MMC” 56 min 610,13 ton metanol istehsal edib. Bu barədə MMC-dən məlumat verilib.
“Yanvarın 1-dən mayın 15-dək Metanol zavodunda 56 min 610,13 ton metanol istehsal edilib. Bu məhsulun 99%-i ixraca yönəldilib. Məhsul ixrac edilən ölkələr arasında Türkiyə, Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələri üstünlük təşkil edir”, - deyə məlumatda deyilir.
Bununla belə, yerli bazarın tədqiqi istiqamətində işlər davam etdirilir.
2016-cı ilin noyabr ayından etibarən “SOCAR Methanol MMC” tərəfindən idarəetməsi təhvil alınan Metanol zavodu cari ilin yanvar ayından indiyədək yeni struktur və idarəetmə prinsipləri əsasında istehsal prosesini yenidən bərpa edib.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi noyabrın 4-də "SOCAR Methanol" MMC-ni 10 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
Metanol zavodu Bakının Qaradağ rayonunda Azərbaycan Metanol Şirkəti (AzMeCo) tərəfindən inşa edilib. 2015-ci ildə AzMeCo zavodun tikintisinə $500 mln.-a yaxın investisiya yatırıb. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir. 2015-ci ilin sonunda zavod fəaliyyətini dayandırıb.
SOCAR zavodu “Aqrarkredit” QSC-dən alıb. Məhkəmənin qərarı ilə zavod ABB-dən “Aqrarkredit”in sərncamına verilib. **
N.Abbasova