Maykl Palmer “Zenith Energy” şirkətinin Azərbaycandakı əməliyyatlar üzrə baş direktoru təyin edilib. Bu barədə şirkətin məlumatında deyilir.
“M.Palmerin neft və qaz əməliyyatlarında, xüsusilə də Azərbaycandakı önəmli texniki təcrübəsi “Zenith” üçün böyük fayda gətirəcək, bu təyinat bizim fəaliyyətimizə böyük təkan verəcək”, - deyə şirkətin baş icraçı direktoru Andrea Kattaneo bildirib.
M.Palmerin neft sənayesində hasilat əməliyyatları, kəşfiyyat və yataqların işlənməsi üzrə 37 illik təcrübəsi var. O, Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya, Ukrayna, Suriya, İndoneziya, Qabon, Qvineya və ABŞ-da çalışıb.
M.Palmerin ən vacib nailiyyətlərindən biri beynəlxalq neft şirkəti tərəfindən istismar edilən Azərbaycanın quru yatağından birində əməliyyatların uğurlu idarə edilməsi olub. Onun idarəçiliyi altında həmin yataqda əməliyyatlar iqtisadi cəhətdən uğurlu olub və gündəlik hasilat təxminən 1 500 bareldən 7 500 barelə qədər artıb. Bu uğurdan sonra həmin aktiv satılıb və Palmer vəzifəsini tərk edib.*
N.Abbasova