Energetika naziri Natiq Əliyev hesab edir ki, OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatının azalmasına dair sazişin 2017-ci ilin sonuna kimi uzadılması məqsədəuyğundur. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatının azalmasına dair sazişin cari ilin sonuna kimi uzadılması daha məqsədəuyğundur”, - deyə N.Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşü zamanı Rusiya və Səudiyyə Ərəbistanı arasında sazişin müddətinin gələn ilin mart ayının sonuna kimi uzadılması barədə anlaşmasına toxunaraq bildirib.
Görüşdə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclası ərəfəsində dünya enerji bazarında son vəziyyət müzakirə edilib.
“N.Əliyev və R.Sekuta neftin qiymətinə iqtisadi və siyasi faktorların təsiri, İran, İraq, Liviya, Səudiyyə Ərəbistanı, Rusiya və Qazaxıstan kimi ölkələrin neft hasilatı ilə bağlı mümkün addımları ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda deyilir.
N.Əliyev deyib ki, yanvar ayından etibarən kiçik qiymət fərqləri istisna olmaqla, ümumən, neftin qiymətində sabitlik yaranıb və hazırkı qiymətlər bütün neft hasilatçıları üçün uyğun rəqəmdir.
Həmçinin tərəflər növbəti onillikdə qaz bazarında müşahidə ediləcək tendensiyaları, "Cənub Qaz Dəhlizi” layihəsinin gedişatını müzakirə ediblər. **
N.Abbasova