Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Ədalət və İnkişaf Partiyasının yenidən sədri seçilməyi münasibətilə təbrik məktubu ünvanlayıb.
“Başçılıq etdiyiniz və qurucusu olduğunuz partiyanın hakimiyyətə gəlişindən ötən 15 ildə qardaş Türkiyə Respublikasında böyük işlər görülmüşdür. Həyata keçirilmiş siyasi, iqtisadi, sosial və digər layihələr Türkiyənin daha da güclənməsinə, beynəlxalq arenada əhəmiyyətli yer tutmasına səbəb olmuşdur”, - deyə dövlət başçısının saytında dərc olunan məktubda deyilir.
İ.Əliyev qeyd edib ki, qurucusu olduğu partiyanın yenidən Sədri seçilməyi isə partiya üzvlərinin R.Ərdoğana olan sonsuz inam və etimadının aşkar təzahürüdür.
“Beynəlxalq aləmdə güc mərkəzinə çevrilmiş qüdrətli və sabit Türkiyə Respublikasının bütün uğurları bizləri olduqca sevindirir. Azərbaycan-Türkiyə tərəfdaşlığı nəinki yerləşdiyimiz regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir, həm də daha geniş coğrafiyada əməkdaşlığa töhfə verir. Əminəm ki, Türkiyə-Azərbaycan həmrəyliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və genişlənəcəkdir”, - deyə məktubda vurğulanır. **
A.Əzizov