2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 67 mln. 872,4 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, yanvar-aprel aylarında qeyri-neft yükdaşımalarının həcmi 5,2% - 49,8 mln. tona qədər artıb.
Yükdaşımaların strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 78,6%, dövlət sektorunun payına 21,4% düşüb. Yanvar-aprel aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 0,3% azalıb.
Hesabat dövründə dəmir yolu ilə 5 mln. 104 min ton yük (tranzit yüklər daxil olmaqla) daşınıb ki, bu da 2016-cı ilin yanvar-aprel aylarının göstəricisindən 10,9% çoxdur.
Cari ilin I rübündə respublikanın dəniz nəqliyyatı ilə 2 mln. 528,9 min ton (artım 52,6%), avtomobil nəqliyyatı ilə 40 mln. 471,9 min ton (artım 2,3%), hava nəqliyyatı ilə 50,1 min ton (artım 7,7%) müxtəlif növ yük daşınıb.
Bu dövrdə daxili neft kəmərləri ilə 13 mln. 931,4 min ton neft (azalma 6,5%) nəql edilib. 10 mln. 880,1 min ton neft və ya nəqlin bütün həcminin 78,1%-i Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə daşınıb. 2017-ci ilin yanvar-aprel aylarında BTC neft kəməri ilə 2 mln. 118,1 min ton tranzit neft nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
N.Abbasova