Azərbaycan Baş Prokurorluğu dövlətin təhlükəsizliyinə ziyan vura biləcək informasiyaların ictimailəşdirilməsi ilə bağlı “Bastainfo.com” internet portalının rəhbərliyinə xəbərdarlıq edib.
“Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Bastainfo.com” internet portalında dərc edilmiş məqalədə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələbləri kobud surətdə pozulmaqla Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib”, - deyə Prokurorluğun məlumatında deyilir.
Qeyd edilənlərlə əlaqədar internet portalının baş redaktoru Mustafa Hacılı Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılıb.
“Həmçinin gələcəkdə bu xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”, - deyə məlumatda vurğulanır. **
N.Abbasova