Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (Islamic Corporation for Development of the Private Sector - İCD) və Azərbaycanın bank olmayan kredit təşkilatı FINOKO İslam Mikromaliyyələşmə Pəncərəsinin yaradılması məqsədilə Müştərək Strateji Əməkdaşlıq haqqında müvafiq razılaşma imzaladılar.
Sənədi İCD-nin baş direktoru Xəlid Əl Əbudi və FİNOKO-nun baş direktoru Turan İsmaylov Ciddədə (Səudiyyə Ərəbistan) keçirilən İslam İnkişaf Bankının 42-ci illik toplantısı zamanı imzalayıblar. Bu barədə FİNOKO-dan məlumat verilib.
Azərbaycan İCD-nin islam mikromaliyyələşməsini inkişaf etdirəcəyi ilk ölkə oldu. Bu əməkdaşlıq çərçivəsində ICD FİNOKO üçün kiçik və orta biznesə istiqamətlənən müxtəlif maliyyə məhsullarını işləyib hazırlamağı planlaşdırır.
“İCD daim maliyyə əhatəsi və inkişafa əyani təsir məsələlərində maraqlı olub. Sözügedən proqram həssas qruplara lazımi xidmətləri göstərəcək və sahibkar sinfini təmsil edən həssas müştərilərə istiqamətlənəcək. Tərəfdaşımızın yardımılə İCD islam mikromaliyyələşməsinin ilhamçısı olacaq”, - deyə məlumatda İCD-nin baş direktoru Xəlid Əl Əbudinin sözlərindən sitat gətirilib.
“İslam Mikromaliyyələşmə Pəncərəsinin yaradılması sahəsində İCD-dən konsultasiya alan ilk mikromaliyyələşmə təşkilatı olduğumuz üçün çox sevinirik. FİNOKO-ya öz məqsəd müştərilərinə çatmağa və təşkilatın imkan və resurslarının möhkəmləndirilməsi məqsədilə yardım əldə etmək üçün gələcəkdə İCD ilə daha çox müştərək layihələrin gerçəkləşəcəyinə ümid edirik”, - deyə FİNOKO-nun baş direktoru Turan İsmaylov qeyd edib.
“Gündəmdə olan islam maliyyə məhsullarının Azərbaycan bazarına çıxarılması qeyri-neft sektorunun inkişafı üzrə dövlət strategiyası çərçivəsində yüzlərlə fərdi sahibkarı və kiçik biznes subyektlərini dəstəkləməyə imkan verəcək”, - deyə məlumatda vurğulanır.
“FINOKO BOKT”ASC 2014-cü ilin sentyabr ayında fəaliyyət lisenziyası alıb. Cəmiyyətin nizamnamə kapitalı 300 manata bərabərdir. Səhmdarları 2 fiziki şəxsdir. **
A.Əzizov