Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev əmək miqrantlarının cəlb olunması qaydalarını pozan şirkət rəhbərlərinin ciddi cəzalandırılacağını söz verib.
“Bir sıra şirkətlər əcnəbilərin işə cəlb olunması qaydalarını pozurlar. Biz bu məsələləri diqqətlə izləyirik. Bəzi hallarda sahibkarlar ölkəyə turist vizası ilə gələn əcnəbiləri əməyə cəlb etməyə çalışırlar. Və ya onlara əmək fəaliyyəti üçün icazə almağa cəhd edirlər. Bu qəbuledilməzdir”, - deyə F.Nəbiyev bu gün “Caspian European Club” və “Caspian American Club”un üzvləri ilə görüşdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, DMX yalnız Azərbaycana əmək vizası ilə gələn miqrantlara əmək fəaliyyətinə icazə verəcək.
Bununla belə, o qeyd edib ki, xarici şirkətlərin nümayəndəlikləri və filialları ilə bağlı müəyyən problemlər var. “Onların işinin yoxlanılması zamanı faktiki olaraq heç bir fəaliyyət göstərmədikləri aşkar edilir. Məntiqi sual ortaya çıxır: hansı səbəbdən fəaliyyəti olmayan şirkətlər Azərbaycana əcnəbilər cəlb edir? Biz bu cür məsələlərə tam ciddi yanaşırıq və müvafiq tədbirlər görürük”, - deyə o vurğulayıb.
F.Nəbiyev əlavə edib ki, bu cür ştirkətlərin rəhbərləri ölkədən çıxarılırlar (əcnəbi olduqları halda - İF). **
A.Əzizov