Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev regionun ictimai-siyasi həyatında Azərbaycan diasporunun fəal iştirakını qeyd edir.
"Tümen vilayətinin Azərbaycan diasporu 8 min nəfərdən çox insanı əhatə edir və kifayət qədər aktivdir. Mədəni-humanitar layihələrə gəlincə, biz bu baxımdan həmişə onları dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik", - deyə o, "Tümen vilayəti: reallıqlar, potensial, inkişaf" adlı press-turda iştirak edən Azərbaycan KİV nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Tümen vilayətinin Azərbaycan diasporu XX əsrin ortalarında formalaşıb. "Azərbaycan icmasının formalaşması prosesi keçən əsrin 50-ci illərinin sonu – 60-cı illərinin əvvəlində, Qərbi Sibirin neft-qaz sərvətlərinin mənimsənilməsində iştirak etmək üçün azərbaycanlı mütəxəssislərin komsomol putyovkası ilə Tümen vilayəti ərazisinə gəlməsi ilə başladı", - deyə qubernator qeyd edib.
V.Yakuşev əlavə edib ki, Tümen vilayətinin şimalında yanacaq-energetika kompleksinin tikintisində bütün Sovet İttifaqından mütəxəssislər iştirak ediblər. "Bakı neftçiləri ən zəngin təcrübəyə malik idilər. O zamanlar Tümen üçüncü Bakı adlanırdı. Və Tümendə neftin tapılması barədə birinci teleqram Azərbaycan dilində verilmişdi", - deyə o vurğulayıb.
Qubernatorun sözlərinə görə, 2018-ci ildə Tümendə vilayətdə ilk neft yatağını kəşf etmiş Fərman Salmanovun 90 illiyi qeyd ediləcək. "Tümenlilər Tümendə 100-dən çox neft yatağını kəşf etmiş, sizin və bizim həmyerlimiz olan böyük insan Fərman Salmanovu xatırlayır və hörmətlə yad edir. Onun 90 illik yubileyi Bakıda və Tümendə qeyd ediləcək", - deyə V.Yakuşev bildirib.
Azərbaycanda və Tümendə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini təklif edən qubernator hesab edir ki, qarşılıqlı əlaqələrin inkişafı üçün kifayət qədər yaxşı potensial mövcuddur.*
R.Babayev