Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə parlamentin plenar iclasında baxılması tövsiyə olunub.
"İnterfaks-Azərbaycan" agentliyinin müxbirinin verdiyi məlumata görə, iclasda qanun layihəsini maliyyə nazirinin müavini Azər Bayramov təqdim edib.
"2016-cı ildə dövlət büdcəsinin gəlirləri 17 mlrd. 505,7 mln. manat və ya proqnozun 104,1%-i səviyyəsində icra edilib. Dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi yüksək olaraq qalır. Ötən il bu göstərici 29% təşkil edib", - deyə A.Bayramov bildirib.
2015-ci illə müqayisədə dövlət büdcəsinin gəlirləri 1%-dən az və ya 7 mln. 714,8 min manat artıb.
"2016-cı ildə qeyri-neft sektorundan dövlət büdcəsinə 8 mlrd. 280,6 mln. manat vəsait daxil olub, plan tapşırığı 109% yerinə yetirilib. Dövlət büdcəsinin ümumi gəlirlərində onların payı 47,3% təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 5,7 faiz bəndi çoxdur. 2015-ci illə müqayisədə bu gəlirlər 1 mlrd. 2 mln. 528,9 min manat və ya 13,8% artıb", - deyə o qeyd edib.
Dövlət büdcəsinin xərcləri 17 mlrd. 751,3 mln. manat və ya proqnozun 96%-i səviyyəsində icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 mln. manat və ya 0,2% azdır. 2016-cı ildə ÜDM-də dövlət büdcəsinin xərclərinin xüsusi çəkisi 29,4% təşkil edib.
"Ötən il dövlət büdcəsinin kəsiri 245 mln. 604,1 min manat təşkil edib ki, bu da 1 mlrd. 673 mln. manat məbləğində təsdiq edilmiş proqnozdan azdır. 2016-cı ildə faktiki büdcə kəsiri ÜDM-nin 0,4%-ni təşkil edib və bu, proqnozdan 2,5 faiz bəndi azdır. Kəsir, əsasən özəlləşdirmədən əldə olunan gəlirlər, xarici qrantlar və digər mənbələr hesabına doldurulub", - deyə nazir müavini vurğulayıb.
"2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun parlamentin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.*
A.Axundov