2017-ci ilin əvvəlindən Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkil kredit təşkilatları vasitəsilə sahibkarlara 36,2 mln. manat ümumi məbləğdə güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“Cari ilin əvvəlindən fondun vəsaiti hesabına 360 sahibkarın investisiya layihələri maliyyələşdirilib. Həmin layihələrin reallaşdırılması hesabına 1 mindən artıq yeni iş yeri açılıb”, - deyə məlumatda deyilir.
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) indiyədək müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 377,6 mln. manat ümumi məbləğində güzəştli kredit verib.
Bu vəsait hesabına 1,345 min investsiya layihəsi maliyyələşdirilib.
SKMF bu gün Bakının Sabunçu rayonunda sahibkarlığın dövlət dəstəyi üzrə tədbir təşkil edib.
“Tədbir çərçivəsində Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 9,8 mln. manat ümumi məbləğində güzəştli kredit verilib. Bu vəsait tikinti materiallarının istehsalı, istixana komplekslərinin yaradılması, mətbəx və məişət texnikasının istehsalı, quşçuluq və heyvandarlıq sahələrinin inkişafına yönəldiləcək”, - deyə məlumatda deyilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsi ilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 190 mln. manat məbləğində güzəştli kredit verilib. 2017-ci ildə bu məbləğ 150 mln. manat təşkil edəcək. **
N.Abbasova