Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin münaqişə zonasında monitorinq zamanıATƏT-in missiyasını ön mövqelərə çıxarmaması barədə yaydığı xəbəri təkzib edib.
“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 25-də Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən rəsmi surətdə təsdiqlənib”, - deyə nazirliyin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Ermənistan tərəfi də monitorinqin qrafikə uyğun keçirilməsi və atəşkəs rejiminin pozulmaması barədə xəbər yayıb. Lakin həmin xəbərdə Azərbaycan tərəfinin guyaATƏT-in missiyasını təmas xəttinə çıxarmadığı da bildirilib.
“Bir daha bildiririk ki, monitorinqin keçirilməsi mexanizminə uyğun olaraq, beynəlxalq müşahidəçilər əvvəl rabitə sonra isə vizual əlaqə yaradaraq nə vaxt, hansı nöqtədə olmalarını, eləcə də digər detalları özləri müəyyən edir, monitorinqin baş tutması və sona çatmasını orada iştirak edən səhra köməkçiləri təsdiq edirlər. Əgər münaqişə tərəflərindən biri monitorinqin keçirilməsinə istənilən bir formada problem yaradarsa, bu barədə elə ilk məlumat verən həmin müşahidəçilər olacaq”, - deyə məlumatda qeyd olunur.
Bundan əlavə, nazirliyin məlumatında vurğulanır ki, Ermənistan mütəmadi olaraq bu kimi böhtan xarakterli yalan məlumatlar yaymaqla beynəlxalq qurumları sistematik şəkildə şantaj etmək, onların fəaliyyətinə kölgə salmaq və etimadına xələl gətirmək məqsədini güdür.*
F.İsazadə