2017-ci ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiyası nəticəsində Azərbaycanın dövlət borcu ÜDM-nin 29%-dək artacaq. Bu barədə "Fitch" reytinq agentliyinin yaydığı məlumatda bildirilir.
“Bizim proqnozlarımıza görə, bu il bankın xarici öhdəliklərinin restrukturizasiyasından sonra dövlət borcu 6-7 faiz bəndi - 29%-dək artacaq», - deyə məlumatda qeyd olunur.
Bundan əlavə, “Fitch” vurğulayır ki, dövlət borcunun bu səviyyəsi “BB” reytinqli ölkələr üçün orta göstəricidən (ÜDM-nin 51%-i) çox aşağıdır.
«Lakin restrukturizasiyadan sonra hökumətin ABB-yə dəstək göstərməsi zərurətinin aradan qalxıb-qalxmayacağı məlum deyil. Hökumət tərəfindən 2017-ci ilin əvvəlində artıq "Aqrarkredit" tərəfindən buraxılan 3 milyard dollar həcmində istiqrazlara dövlət zəmanəti verilib. Bu da restrukturizasiya planın tamamlanması çərçivəsində əlavə həcmdə toksik aktivlərin ABB-nin balansından çıxarılması üçün istifadə oluna bilər”, - deyə məlumatda bildirilir.*
A.Axundov