ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın zamanda münaqişə tərəfləri arasında gələcək əlaqələrə dair planların müzakirəsi məqsədilə Azərbaycan və Ermənistana səfər edəcəklər. Bu barədə rusiyalı həmsədr İqor Popov bəyan edib.
“Münaqişə tərəflərinin iştirakı ilə keçirilən, əsas məsələlərin baxıldığı hər hansı görüş faydalıdır. Moskvada keçirilən məsləhətləşmələr də bu baxımdan istisna deyil. Görüşdə irəliləyiş baş vermədi. İrəliləyişi heç kəs gözləmirdi də. Vacib olan odur ki, tərəflər uzun fasilədən sonra yenidən görüşə, problemli məsələlərlə bağlı fikir mübadiləsi apara, bir-birilərinin mövqelərini dəqiqləşdirə bildilər. Qısa müddətdə digər həmsədr həmkarlarımla birlikdə regiona səfər etmək niyyətindəyik. Azərbaycan və Ermənistan rəhbərliyinin reaksiyalarını aydınlaşdırmaq, perspektivdə olan işlərin planını müzakirə etmək niyyətindəyik. Bu planlara tərəflərin bundan sonrakı təmasları və eləcə də qarşıda duran bir sıra məsələlər daxildir”, - deyə İ.Popov “APA” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, danışıqlar prosesinin əsası yaxşı məlumdur və həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında qeyd olunub. “Bir daha təkrar edirəm: danışıqlar prosesinin əsası yaxşı məlumdur və bu barədə həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında qeyd olunub. Xatırladıram ki, burada söhbət BMT Nizamnaməsinin əsas prinsiplərindən, Helsinki Yekun Aktından - güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların bərabərhüquqluluğu və öz müqəddəratını təyin etməsi, eləcə də Dağlıq Qarabağın statusunun müəyyən edilməsi, ərazilərin, qaçqınların geri qaytarılması, Dağlıq Qarabağla Ermənistan arasında dəhliz və sülhməramlı əməliyyatdan gedir. Ümumilikdə tərəflər bu əsası inkar etmirlər, lakin onun komponentlərinin həyata keçirilməsi ardıcıllığını fərqli görürlər. Vasitəçilər balanslaşdırılmış həllin tapılması üçün tərəflərə yardımla bağlı nəzərdə tutulmuş variantlar təklif edirlər”, - deyə o vurğulayıb.
İ.Popov əlavə eib ki, beynəlxalq müşahidəçilərin say tərkibinin 7 nəfərə çatdırılması ilə bağlı razılıq əldə olunub. “Bununla hər iki tərəf razıdır. Lakin detallara dair fikir ayrılığı qalmaqdadır. Bunlar müşahidəçilərin yerləşdirilməsi, onların fəaliyyətinin maliyyələşdirilməsi və bir sıra digər texniki məsələlərdir. Bunların razılaşdırılması ilə bağlı hazırda ATƏT-ə sədrlik edən Avstriya təşkilatın katibliyinin müvafiq strukturları və tərəflərin nümayəndələri ilə birgə məşğul olur”, - deyə o bildirib. **
A.Əzizov