"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İdarə Heyətinin sədriXalid Əhədov hesab edir ki, bankın reytinqlərinin aşağı düşməsi müvəqqəti xarakter daşıyır və kredit təşkilatının maliyyə mövqeynin möhkəmlənməsindən sonra onların qalxmasını proqnozlaşdırır.
Cari həftə “Fitch” və “Moody`s” agentlikləri könüllü təkrar strukturlaşdırılma barədə elan edən ABB-nin reytinqlərinin aşağı salmağa dair qərar qəbul ediblər.
“Bu tamamilə gözlənilən idi və təkrar strukturlaşdırılma prosesində olan bank barəsində normal qərardır. ABB-nin reytinqləri yalnız qısamüddətli dövr üçün aşağı salınıb. Bankın maliyyə mövqeyi möhkəmlənən kimi, beynəlxalq reytinq agentlikləri onun reytinqlərinə təkrar baxaraq yenidən qaldıracaqlar”, - deyə bankın məlumatında X.Əhədovun sözlərindən sitat gətirilir.
Onun rəyinə görə, reytinqlərin aşağı salınması bankın fəaliyyətinə təsir etməyəcək. “ABB normal rejimdə bütün əməliyyatları və müştərilərə xidməti davam etdirir. ABB-nin xarici öhdəliklərinin təkrar strukturlaşdırılması müştərilərin və bankın tərəfdaşlarının maraqlarına uyğundur. Bu proses bankın həm Azərbaycanda, həm də xaricdə maliyyə mövqeyinin möhkəmləndirilməsinə xidmət edəcək”, - deyə o əlavə edib. **
A.Əzizov