Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir. Bunu ABŞ prezidenti Donald Tramp deyib.
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir”, - deyə D.Trampın 28 May - Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirilir.
O qeyd edib ki, ABŞ Azərbaycan xalqının yanındadır və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin möhkəmləndirilməsinə sadiqdir: “Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır. Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq”.
ABŞ prezidenti Avropa ilə energetika sahəsində əməkdaşlığa görə İ.Əliyevə təşəkkür edib: “Azərbaycan Avropa üçün yeni enerji mənbəyidir və biz bu sahədə uzunmüddətli və uğurlu əməkdaşlığımıza görə Sizə minnətdarıq. Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər, biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik. Mən həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”, - deyə deyə D.Tramp vurğulayıb.*
F.İsazadə