2017-ci ilin yanvar-aprel aylarında “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi 120,079 min ton neft hasil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 15,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azneft” İB-dən məlumat verilir.
“2017-ci ilin yanvar-aprel aylarında NQÇİ üzrə neft hasilatı planı 111,5% yerinə yetirilib”, - deyə məlumatda deyilir.
Hesabat dövründə NQÇİ üzrə 13,447 mln. kubmetr qaz hasil olunub (2016-cı iln yanvar-aprel ayları ilə müqayisədə azalma 7,3%), plan 102,3% yerinə yetirilib.
Cari ilin yanvar-aprel aylarında fəaliyyətsiz fonddan 10 quyunun istismara daxil edildiyi bildirilib. Bu quyulardan 2 min 486 ton neft alınıb. İlin sonuna kimi daha 10 quyunun istismara qaytarılması və buradan da 6,5 min ton səmərə alınması planlaşdırılır.
Həmçinin 3 quyunun qazılaraq istismara verildiyi və 474 ton əlavə neft alındığı bildirilir.
Xəbər verildiyi kimi, 2016-cı ildə NQÇİ tərəfindən 363,671 min ton neft və 44,666 mln. kubmetr qaz hasil olunub.
2017-ci ildə “Abşeronneft” NQÇİ illik neft hasilatını 385 min tona, orta sutkalıq hasilatın 1,055 min tona çatdırılmasını proqnozlaşdırır. **
N.Abbasova