Mayın 29-da Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani ikitərəfli münasibətlərin bir çox aspektlərinə dair fikir mübadiləsi aparıblar.
“Bazar ertəsi İ.Əliyev İran prezidenti H.Ruhaniyə telefonla zəng edib.Dövlətimizin başçısı H.Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar təbriklərini çatdırıb”, - deyə Prezidentin Mətbuat Xidmətinin məlumatında deyilir.
H.Ruhani öz növbəsində müqəddəs Ramazan ayı və 28 May - Respublika Günü münasibətilə dövlət başçısını təbrik edib.
“Söhbət zamanı ikitərəfli münasibətlərin bir çox aspektləri, o cümlədən regionda təhlükəsizlik məsələləri, Şimal-Cənub dəmir yolunun tikintisi, neft-qaz sahəsində əməkdaşlıq, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.
Liderlər qeyd ediblər ki, Azərbaycan-İran əlaqələri xüsusilə son dörd il ərzində ən yüksək səviyyəyə qalxıb. “Bildirilib ki, prezidentlər səviyyəsində bir çox qarşılıqlı səfərlər həyata keçirilmiş və bir sıra çox önəmli müqavilələr imzalanıb. Əldə edilən bütün razılaşmalar və imzalanmış sənədlər uğurla icra olunur”, - deyə məlumatda vurğulanır. **
A.Əzizov