Azərbaycanda 5 bank kapitallaşma proqramıni cari ilin ilin ortalarınadək icra etməlidir. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün “İqtisadi islahatlar: əldə edilmiş nəticələr və tövsiyələr” adlı konfransda deyib.
“Bank bazarının sağlamlaşdırılması prosesinə başlanandan sonra 11 bu sektordan kənarlaşdırılıb. 26 bankdan 12-də əhəmiyyətli kapitallaşma aparılıb. Bu gün 5 bank nəzarətimiz altındadır. Bu bankların kapitallaşma proqramı ilin ortalarınadək icra edilməlidir”, - deyə R.Aslanlı bildirib.
Onun sözlərinə görə, kapitallaşma nəticəsində bank sektoru müsbət göstəricilərə nail olub (Azərbaycan Beynəlxalq Bankı istisna olmaqla).
“Banklar kapitalın adekvatlığına dair tələblərə riayət edir. Lakin biz nəzərə almalıyıq ki, əgər banklar fəal kreditləşməni bərpa etsələr, yəni riskli aktivlərin həcmini artırsalar, hesablamalarımıza əsasən, əlavə kapitallaşmaya ehtiyac yaranacaq”, - deyə R.Aslanlı vurğulayıb.
Hazırda bankların kapitalına minimal tələb 50 mln. manata bərabərdir.
Azərbaycan banklarında kapitalla problemlər 2015-2016-cı illərdə milli valyutanın ucuzlaşması və problemli kreditlərin artması nəticəsində meydana gəldi. Bundan başqa, 2015-2016-cı illər ərzində bankların əksəriyyəti vəsaitlərin ehtiyata yönləndirilməsinə ehtiyac olduğundan zərərlə fəaliyyət göstəriblər.
Hazırda Azərbaycanda 32 bank fəaliyyət lisenziyasına malikdir. **
A.Axundov