Bu il Formula 1 üzrə Azərbaycan Qran Prisini izləyəcək əcnəbilərin sayı ötən illə müqayisədə iki dəfə çox olacaq. Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommersiya direktoru Bülent Özerdim deyib.
«Bu il biz əcnəbilərin Azərbaycan Qran Prisinə marağının artdığını müşahidə edirik. Bakı mərhələsini keçən illə müqayisədə 2 dəfə artıq xarici turistin izləyəcəyi gözlənilir», - deyə o, bu gün mətbuat konfransında bildirib.
Direktorun sözlərinə görə, bu günə qədər Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün 57 ökədən bilet alınıb. Bilet alan ölkələrin beşliyinə Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri daxildir. Təşkilatçılar isə 30 minədək bilet satmağı planlaşdırırlar.
«İndiyədək satılmış hər 100 biletdən 56 bilet əcnəbilər, 44 bilet Azərbaycan vətəndaşları tərəfindən alınıb. Biz qalan biletlərin Azərbaycan Qran Prisinə 3-4 həftə qalmış yerli sakinlər tərəfindən alınacağını gözləyirik», - deyə B.Özerdim qeyd edib.
O, biletlərin satış dinamikasının yaxşılaşdığını diqqətə çatdırıb.
“Filarmoniya bağı tərəfində olan tribunanın biletləri tamamilə satılıb. İçərişəhər tribunalarına 10-15 bilet qalıb. Biletlərin yarıdan çoxu “Abşeron” mehmanxanası tribunalarına satılıb”, - deyə kommersiya direktoru əlavə edib.*
R.Babayev