Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiya planının kreditorlar tərəfindən dəstəklənəcəyinə inanır. Bu barərə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə bildirib.
“Biz nikbinik. Azərbaycan Beynəlxalq Bankındakı vəziyyət nəzarətimiz altındadır. Restrukturizasiya planının xarici kreditorlar tərəfindən dəstəklənəcəyinə inanırıq. Bazarların araşdırılması və bazarların bu prosesə reaksiyası onu göstərir ki, nikbin olmaq üçün əsas var”, - deyə R.Aslanlı qeyd edib.
O xatırladıb ki, kreditorlar iyulun 14-dək bu planaa dair səs verməlidirlər. Planın gələcəyinə dair qərar 24-25 avqust tarixlərinə qədər qəbul olunmalıdır.
“Əgər kreditorlar bu planı dəstəkləməzsə, bu isə az güman olunan ehtimaldır, o zaman biz bankın öhdəliklərinin həll olunmasının başqa yollarını nəzərdə tutmuşuq. İstənilən halda, bankın müştəriləri, nə fiziki, nə də hüquqi şəxslər bundan əziyyət çəkməyəcək”, - deyə R.Aslanlı vurğulayıb.
Onun sözlərinə görə, ABB-nin sağlamlaşdırılması çərçivəsində bankın kapital, likvidlik, valyuta balansının kəsiri ilə bağlı problemləri öz həllini tapacaq. “Biz tənzimləyici kimi, ABB-nin xarici öhdəliklərinin restrukturizasiya barədə elandan sonra bank sektorunda şok müşahidə etmirik. Ən ciddi şok yerli mətbuatda izlənilir. Bank normal rejimdə öz əməliyyatlarına davam edir, müştərilərə xidmət göstərir, kreditlər verir”, - deyə R.Aslanlı əlavə edib. **
A.Axundov