ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər. Bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan məlumat verib.
"On gündən sonra vasitəçilər Yerevana səfər edəcəklər", - deyə o, bu gün Yerevanda ATƏT-in baş katibi Lamberto Zanyer ilə birgə mətbuat konfransında bildirib.
Azərbaycan və Ermənistan XİN başçıları və ya prezidentlərinin görüşünün hazırlanıb-hazırlanmaması ilə bağlı suala cavab olaraq E.Nalbandyan deyib ki, Yerevan müxtəlif səviyyələrdə danışıqların və görüşlərin davam etməsinə tərəfdardır.
"Ermənistan xarici işlər nazirləri və prezidentlər səviyyəsində görüşləri hər zaman dəstəkləyir. Əgər münasib atmosfer yaradılarsa, müvafiq hazırlıq aparılarsa, o zaman görüş keçirmək olar", - deyə erməni nazir qeyd edib.
O, vasitəçilərin səfəri zamanı görüşün təşkili məsələsinin müzakirə olunacağını istisna etməyib.
"Lakin müzakirələr XİN başçılarının görüşünün təşkili ilə bağlı olacaq ki, daha sonra prezidentlər səviyyəsində görüşün keçirilməsi mümkün olsun", - deyə E.Nalbandyan əlavə edib.*