Bakı və Riqa arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 8 sənəd müzakirə prosesindədir. Bunu Milli Məclisin sədri Oqtay Əsədov Latviyaya rəsmi səfəri zamanı deyib.
“Bu günə qədər iki ölkə arasında 34 sənəd imzalanıb, daha 8 sənəd müzakirə prosesindədir”, - deyə o, Latviya Seyminin spikeri İnara Murniyetse ilə görüşdə bildirib.
Milli Məclisin sədri ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək vurğulayıb ki, Azərbaycan və Latviya dost və tərəfdaş ölkələrdir.
O vurğulayıb ki, Azərbaycanla Latviya arasında ikitərəfli iqtisadi əlaqələri siyasi əməkdaşlıq səviyyəsinə çatdırmaq lazımdır. Spikerin sözlərinə görə, 2016-cı ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi təxminən 9 milyon dollara bərabər olub.
O.Əsədov Xocalı soyqırımı haqqında bəyanatın Latviya Seyminin 100 deputatından 53-ü tərəfindən qəbul edilməsinə görə Latviya parlamentinə təşəkkür edib.
İ.Murniyetse vurğulayıb ki, Azərbaycan, xüsusən iqtisadi sahədə Latviyanın mühüm tərəfdaşıdır. Onun sözlərinə görə, Latviya ikitərəfli ticari-iqtisadi əlaqələrin daha da möhkəmlənməsində, turizm və inşaat sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.
O, Azərbaycan diasporunun Latviyanın ictimai-siyasi həyatında, xüsusən iqtisadi sahədə səmərəli fəaliyyətini də qeyd edib.
Latviya Seyminin spikeri Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İ.Murniyetse bu münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində tənzimlənəcəyinə əmin olduğunu bildirib.
Həmin gün Milli Məclisin sədri O.Əsədov Riqaya rəsmi səfər çərçivəsində Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs ilə də görüşüb.*
R.Babayev