Azərbaycan Avropaya qaz tədarükü üzrə yeganə yeni mənbədir. Bunu prezident İlham Əliyev deyib.
“Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Bunun üçün 40 milyard dollar dəyərində “Cənub Qaz Dəhlizi” (CQD) layihəsi həyata keçirilir”, - deyə dövlət başçısı bu gün Bakıda 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizlik məsələsidir.
"Buna görə Azərbaycan regionda mühüm rol oynayır”, - deyə İ.Əliyev qeyd edib.
Prezident əlavə edib ki, “Şahdəniz” layihəsinin ikinci mərhələsi “Cənub Qaz Dəhlizi” layihəsinin əsas komponentlərindən biridir. “Şahdəniz-2” layihəsinin icra səviyyəsi 93% səviyyəsindədir.
"CQD layihəsi digər layihələri də həyata keçirməyə imkan verəcək. Xüsusilə yaxın bir neçə il ərzində 350 mlrd. kubmetr qaz ehtiyatına malik olan “Abşeron” yatağından hasilata başlanılacaq. Biz neft-qaz potensialımızı möhkəmləndirir və enerji resurslarının xarici bazarlara tədarük həcmini artırmağı planlaşdırırıq”, - deyə İ.Əliyev vuyrğulayıb.*
R.Babayev