Kiprin xarici işlər naziri İoannis Kasoulidesin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səsləndirdiyi fikirlər Kiprin götürdüyü öhdəliklərlə bilavasitə ziddiyyət təşkil edir və Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinin təşviq edilməsinə xidmət göstərir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Kiprin xarici işlər naziri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səsləndirilən fikirlər Kiprin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və digər beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəlikləri ilə bilavasitə ziddiyyət təşkil edir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinin təşviq edilməsinə xidmət göstərir”, - deyə H.Hacıyevin bəyanatında bildirilir.
"Onun bu fikirləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesinə və regionda davamlı sülhün təmin olunması səylərinə zərər vurur", - deyə o əlavə edib.
XİN rəsmisi qeyd edib ki, bu fikirlər Kiprin üzvlüyünü daşıdığıAvropa İttifaqı, ATƏT və Avropa Şurasının münaqişə ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi ilə bir araya sığmır.
“Həmçinin bu kimi ziddiyyətli açıqlaması ilə Kiprin xarici işlər naziri özü-özünü inkar edir. Xatırlatmaq istərdik ki, bu ilin 26 yanvar tarixində Avropa Şurasının Nazirlər Komitəsinin sədri qismində ATƏT-in Daimi Şurasında çıxışı zamanı o, Kiprin ərazi bütövlüyü, suverenlik və dövlətlərin siyasi müstəqilliyi prinsiplərini qəti şəkildə dəstəklədiyini bildirmişdi”, - deyə H.Hacıyev vurğulayıb.
“Onu da qeyd etmək lazımdır ki, Şimali Kipr türklərin əsrlər boyu köklü xalq kimi yaşadığı ərazidir və onların da öz müqəddəratını təyin etmək hüququ vardır”, – deyə o əlavə edib.
“Bundan başqa, şəffaflıq təmin edilmədiyinə görə Kiprlə Ermənistan arasındakı hərbi əməkdaşlıq barəsində də müəyyən suallar və şübhələr var. Ümid edirik ki, Avropa İttifaqı və ATƏT-in münaqişənin hərbi aspektləri ilə bağlı müvafiq mövqeləri çərçivəsində məsələ nəzərdən keçiriləcək", - deyə XİN sözçüsü vurğulayıb.*
F.İsazadə