Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənilməsinə müqavilə iyun ayında uzadılacaq. Bunu “BP”-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons jurnalistlərə bildirib.
“AÇG” blokunun işlənilməsinə dair müqavilə gələn ay uzadılacaq. İmzalanacaq saziş bu layihəyə yatırılacaq investisiyaların həcminin artırılmasına imkan verəcək", - deyə o bildirib.
Xəbər verildiyi mkimi, 2016-cı ilin dekabrın ayının 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG-nin gələcək işlənməsi üçün niyyət məktubu imzalayıblar.
Bu razılaşma yataqlar blokunun 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əlavə edəcək. Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620 min barel neft ekvivalenti səviyyəsindədir.
ABƏŞ səhmdarları BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh" şirkətləridir.
Niyyət məktubu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ABƏŞ tərəfdaşlığı adından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanıb.
Niyyət məktubu AÇG-nin gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır. **