“SOCAR Turkiye Enerji” şirkəti Türkiyənin şərqində karbohidrogen yataqlarının axtarışı məqsədi ilə geoloji kəşfiyyat işlərinin aparılması planlarından imtina edib. Bu barədə bu gün jurnalistlərə şirkətin prezidenti Zaur Qəhrəmanov məlumat verib.
"Biz seysmik tədqiqatlar aparmışıq və bütovlükdə, bu məsələ ilə bağlı müəyyən işlər həyata keçirmişik. Bu ərazidə karbohidrogen ehtiyatları var, amma onlar kommersiya cəhətdən səmərəsizdir. Buna görə də biz geoloji kəşfiyyat işlərinin dayandırılmasına qərar verdik və şirkətin Direktorlar Şurası bu qərarı dəstəklədi. Bununla da şirkətimiz Türkiyədə bu biznesdən çıxdı", - deyə o, "İnterfaks-Azərbaycan" agentliyinin müxbirinin sualına cavab olaraq bildirib.
Qeyd edək ki, Türkiyə Energetika və Ətraf Mühit Nazirliyi "SOCAR Turkiye Enerji A.Ş."yə Qaziantep, Diyarbakır, Kahramanmaraş, Batman və Muşda geoloji kəşfiyyat işləri aparmaq üçün 5 illik müddətə 4 lisenziya verib.*
N.Abbasova